Mastercard şirkətinin Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal, Türkiyə və Azərbaycan üzrə Konsultant vitse-prezidenti Mehmet Gülez və Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalovun iştirakı ilə “JW Marriott” otelində ilin yekunlarına həsr edilən illik mətbuat konfransı keçirilib.
FED.az xəbər verir ki, mətbuat konfransında Mastercard ödəniş texnologiyaları və maliyyə xidmətləri sahəsində mühüm aspektləri və yenilikləri müzakirə edib, Azərbaycanda maliyyə xidmətlərinin daha əlçatan olmasını təmin edəcək innovativ layihə və proqramları təqdim edib. Həmçinin, şirkətin müştəri məlumatlarının qorunması, onlayn və oflayn sferalarda saxtakarlığın qarşısının alınması məqsədilə həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə toxunulub.
Mastercard-ın Azərbaycan və Türkiyə üzrə baş meneceri Avşar Gürdal tədbirdəki çıxışı zamanı qeyd edib ki, Azərbaycan bazarı ən strateji bazarlardan biridir və ölkədəki istehlakçılara xas unikal xüsusiyyətləri var.
“Azərbaycanda istənilən yeni texnologiyanın adaptasiya prosesi dünyanın istənilən bazarı ilə müqayisədə qat-qat sürətlə gedir. Təbii ki, tənzimləyici qismində çıxış edən, bütün yenilikləri fəal şəkildə dəstəkləyən Azərbaycan Mərkəzi Bankının bu işdə rolu böyükdür. Məhz bu tendensiyanın nəticəsidir ki, Azərbaycanda rəqəmsallaşma səviyyəsi cəmi 8 il əvvəlki 5%-lə müqayisədə artıq 31%-ə çatıb”, deyə Avşar Gürdal bildirib.
"Mastercard Azərbaycanda maliyyə həlləri yaratmaq və onları inkişaf etdirmək, maliyyə savadlılığını artırmaq üçün yerli maliyyə institutları ilə işləməyə davam edir. Xüsusilə, Azericard ilə əməkdaşlıq, ən böyük kinoteatrlar şəbəkəsinin "CineMastercard" olaraq rebrendinqi, Masterpass xidmətinin əhatə dairəsinin genişləndirilməsi, tokenizasiya sərmayələri maliyyə inklüzivliyini inkişaf etdirmək üçün Azərbaycanda ən son texnologiyaların tətbiqi prosesinə sadiqliyimizi sübut edir”, deyə Mastercard-ın Azərbaycandakı nümayəndəsi Emil Zeynalov öz növbəsində qeyd edib.
“2024-cü il üçün məqsədimiz Azərbaycanın informasiya xidmətləri sahəsində regional mərkəzə çevrilməsinə töhfə vermək üçün əməkdaşlığı dərinləşdirmək, dünya üzrə əldə etdiyimiz bilik və təcrübəmizi buradakı tərəfdaşlarımıza ötürməkdir”, deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Konsultant vitse-prezidenti Mehmet Gülez mətbuat konfransı zamanı deyib.
Çıxışçılar həmçinin Azərbaycanda Mastercard ödəniş texnologiyalarının tətbiqi ilə elektron ticarətin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, həmçinin Azərbaycan bazarında gələcək inkişaf planlarını və qarşıdakı illərdə strateji fəaliyyət istiqamətlərini müzakirə ediblər.