Avropa İttifaqının (Aİ) bu gün Ukraynaya ayırdığı 90 milyard avro məbləğində krediti Ukrayna tərəfi qaytarmayacaq, bu kredit Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlər hesabına qaytarılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kredit üzrə Ukraynaya ödənişlər bu ilin ikinci rübündən etibarən başlayacaq.
“Kredit 2026 və 2027-ci illər üçün ölkənin ən təcili büdcə ehtiyaclarını və müdafiə-sənaye potensialına olan tələbatını qarşılamağa kömək edəcək”, – məlumatda deyilir.
Xatırladaq ki, söhbət bu günlərdə təsdiqlənən və G7-nin "Extraordinary Revenue Acceleration" (ERA) adlandırdığı mexanizmdən gedir.
Ümumilikdə məbləği 90 milyard avroya çatan kredit bir neçə hissədən ibarətdir. Belə ki, Avropa İttifaqı (və digər G7 ölkələri- ABŞ, Aİ, Kanada, Yaponiya, Böyük Britaniya) Ukraynaya təxminən 50 milyard dollar (təxminən 45-46 milyard avro) vəsait ayırır.
Əlavə olaraq Avropa Komissiyası bu yaxınlarda Ukrayna üçün əlavə olaraq 35 milyard avroluq birbaşa kredit mexanizmini təsdiqləyib.
Bu vəsaitlər Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək. Belə ki, Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın beynəlxalq hesablardakı pulları dondurulub. Nəticədə Rusiyanın dondurulmuş ümumi 300 milyard avro aktivlərinin 210 milyard avrosu Avropada (əsasən "Euroclear" depozitarisində) yerləşir. Hələlik Avropa qanunları bu pulun özünü müsadirə etməyə imkan vermir, çünki bu, beynəlxalq hüquqda "oğurluq" kimi qiymətləndirilə bilər. Belə vəziyyətdə Avropa İttifaqı Rusiyanın dondurulmuş vəsaitlərinin özündən deyil, onun gətirdiyi illik gəlirdən istifadə etməyi qərara alıb. Bu isə az məbləğ deyil – ildə 3,5-4 milyard avro xalis mənfəətdir.
Bu gəlirlər hesabına Ukraynanın 90 milyard avroluq krediti 28-30 il müddətinə ödənilə bilər. Başqa sözlə, Qərb faktiki olaraq Rusiyanın pullarını həm girov saxlayır, həm də həmin pulların gətirdiyi qazancla Ukraynanı Rusiyaya qarşı silahlandırır.













