Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı ildə Yaxın Şərqdəki münaqişələrdən zərər çəkmiş ölkələrin dəstəklənməsinə 5 milyard avro ayırmağı planlaşdırır.
Bu zaman əsas diqqət İraq, İordaniya, Livan, Qərb sahili və Qəzza zolağı, habelə Bankın investisiya qoyduğu və münaqişədən təsirlənmiş qonşu ölkələrə yetiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın açıqlamasına istənidən xəbər verir ki, dəstək tədbirləri maliyyə qurumlarına, korporativ sektoru və dayanıqlı infrastrukturu əhatə edəcək. AYİB Yaxın Şərqdəki müharibədən zərər çəkmiş ölkələrin iqtisadiyyatlarını, investisiya obyektlərini, müştərilərini və daha geniş fəsadlarla üzləşən qonşu dövlətləri dəstəkləmək üçün münaqişəyə reaksiya proqramına başlayıb.
Bank bildirir ki, münaqişənin iqtisadi və sosial fəsadları artıq bir çox üzv ölkələrdə hiss olunur. Bu, özünü ticarət marşrutlarının pozulması, enerji və xammal şokları, investor inamının zəifləməsi və əhali üçün yaranan əlavə xərclər şəklində büruzə verir. Lakin yaranmış problemlərin miqyası vəziyyətin yaxın həftə və aylarda necə inkişaf edəcəyindən asılı olacaq.
Bankın cavab tədbirləri çərçivəsində əsas diqqət birbaşa zərər çəkmiş iqtisadiyyatlara — İraq, İordaniya, Livan, Qərb sahili və Qəzza zolağına yönələcək. Eyni zamanda, təsirlərə məruz qalmış birinci qrup qonşu ölkələr, o cümlədən Misir, Türkiyə, Ermənistan və Azərbaycan da diqqət mərkəzindədir.
Ümumilikdə, Avropa Yenidənqurma və İnkişaf Bankı 2026-cı ildə bu ölkələrə 5 milyard avro investisiya qoymağı planlaşdırır. İnvestisiyanın həcmi sürətlə dəyişən vəziyyətlə bağlı yaranan tələbata uyğun müəyyən ediləcək.
AYİb-in prezidenti Odil Reno-Basso bildirib: “Biz kontrtsiklik tədbirlər təklif etmək üçün yaxşı hazırlaşmışıq. Artan qeyri-müəyyənlik dövründə başqalarının geri çəkilə biləcəyi yerlərdə biz səylərimizi artırırıq. Biz çətin anlarda fəaliyyət göstərdiyimiz ölkələrin iqtisadiyyatını, müştərilərini və insanlarını dəstəkləmək üçün buradayıq”.
Avropa bankının ölkələrə dəstəyi iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iqtisadi fəallığı dəstəkləməklə təcili dəstəyin göstərilməsi, maliyyə sektorunun sabitləşməsinə kömək və əsas xidmətlərin davamlılığının təmin edilməsi aiddir. İkinci mərhələdə isə zərər çəkmiş iqtisadiyyatlarda artım və dayanıqlı bərpa üçün zəmin yaradılacaq.
Bank bildirir ki, görülən tədbirlər qısamüddətli dövrdə enerji şirkətlərinin likvidliyinə ünvanlı dəstək vasitəsilə enerji təhlükəsizliyini gücləndirəcək. Həmçinin bu, daha diversifikasiya edilmiş, dayanıqlı və daxili bazara yönəlmiş enerji sistemlərinə keçidi sürətləndirəcək.
Dövlət müəssisələrinə yardımın davam etdirilməsi, islahat proqramı üzərində iş getdiyi müddətdə əsas mal və xidmətlərin fasiləsiz təqdim olunmasını təmin edəcək.
Özəl sektorda isə enerji bazarlarındakı fasilələr və aqrar-sənaye zəncirindəki problemləri həll etmək üçün Bank şirkətlərə dövriyyə kapitalı və likvidlik təqdim edəcək. Yeri gəlmişkən, artıq aprelin 9-da AYİB-in nin Direktorlar Şurası Livanın pərakəndə satış şəbəkəsinə dəstək layihəsini təsdiqləyib.
Uzunmüddətli perspektivdə isə Avropa Bankı effektiv fəaliyyət göstərən infrastrukturu, ticarət yollarını və ərzaq təhlükəsizliyini dəstəkləyəcək. Bank həmçinin iqtisadi əlaqələrin və artımın əsasını təşkil edən rəqəmsal həllərə investisiya qoyacaq.
Avropa Bankı bəyan edib ki, bu tədbirləri həyata keçirərkən regionda indiyədək topladığı zəngin təcrübəsinə əsaslanacaq. Belə ki, 2012-ci ildən bəri AYİB Aralıq dənizinin cənub və şərqində 489 layihəyə 26,5 milyard avrodan çox investisiya qoyub. Türkiyədə isə 2009-cu ildən bəri ölkə üzrə, əsasən özəl sektora 23 milyard avrodan çox vəsait yatıraraq əsas institusional investorlardan biri olub.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı üç qitədə 40 ölkədə özəl sektorun və sahibkarlıq təşəbbüslərinin inkişafına kömək edən çoxtərəfli bankdır.













