Auditorlar Palatası sərbəst auditorlara və auditor təşkilatlarına müraciət edib.
Eləcə də bax: Auditorlar Palatasında yeni şöbə yaradılıb - MÜDİR TƏYİN OLUNUB
FED.az xəbər verir ki, müraciət qurumun icraçı direktoru Səbuhi Gülməmmədovun adından ünvanlanıb.
Müraciətdə deyilir ki, Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, auditə ictimai etimadın gücləndirilməsi istiqamətində və məcburi auditdən yayınmağa qarşı müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin mənfi hallara qarşı davamlı mübarizə aparır.
Son dövrlərdə məcburi auditdən yayınan təsərrüfat subyektlərinə Auditorlar Palatası xəbərdarlıq məktubları göndərən zaman təəssüf ki, sizin hesabatlarınızda öz əksini tapmayan, lakin auditor xidmətindən istifadə edən müştərilərin göndərdiyi məktubların cavablarında auditdən keçdiklərini vurğulayaraq Palatanın ünvanına öz iradlarını bildirir. Xüsusilə də, konsolidə edilmiş hesabat təqdim edən təsərrüfat subyektlərindən iradlara daha çox təsadüf edilir. Belə ki, Palataya təqdim etdiyiniz hesabatlardan görünür ki, konsolidə edilmiş hesabat təqdim edən təsərrüfat subyektləri ilə auditor xidmətinə dair müqavilə bağlayarkən yalnız həmin subyektin baş idarəsinə xidmət göstərildiyi və rəy verildiyi bildirilir. Ona görə də, hesabatlarınızda yalnız həmin təsərrüfat subyektlərinin adı və VÖEN-i göstərilir, onların törəmə müəssisələrinin adı və VÖEN-i isə qeyd edilmir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq sizə tapşırılır ki, Palataya təqdim etdiyiniz yarım illik və illik hesabatlarınızda, eyni zamanda həmin təsərrüfat subyektləri ilə müqavilə bağlayarkən şəxsi kabinetdən qeydiyyatdan keçirilən zaman onların törəmə müəssisələrinin adları və VÖEN-i də qeydlər olan bölmədə əks etdirilsin. Belə olan halda həm təsərrüfat subyektləri, həm də Palatanın üzvləri üçün artıq yazışmalara lüzum qalmaz.