Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yaxud qısa adı ilə ASAN Xidmətin Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxs 2020-ci ili 9.31 milyon manat zərər etdiyini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, EHİM-nin maliyyə hesabatına görə, bu da 2019-cu illə müqayisədə 67.5% artımdır.
Bununla da, qurumun yığılmış zərəri artmaqla 15.2 milyon manata çatıb.
2020-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi əməliyyat gəlirləri 2.13 milyon manat (2019-cu ilə nisbətən 2,2 dəfə az), əməliyyat xərcləri 5.99 milyon manat (+36%), digər gəlirləri 0.01 milyon manat (+6 dəfə), inzibati xərcləri 5.45 milyon manat (- 6.8%), məzənnə fərqindən zərər 5 min manat (+3.5), mənfəət vergisi ödəmələri 2 min manat (+30 dəfə) təşkil edib.
Ötən ilin əvvəlinə isə EHİM-in aktivləri 17.58 milyon manat olub. Bu da illik müqayisədə 14.7% artımdır. Hesabat dövründə publik hüquqi şəxsin öhdəlikləri 51.1% artaraq 0.75 milyon manata, balans kapitalı isə 13.4% artaraq 16.83 milyon manata çatıb.