Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bu sahədə ötən ildən qalmış prolemləri də aktuallaşdırıb. FED.az xəbər verir ki, həmin problemlərdən biri də artıq ödənilən vergilərdir. Vergi eksperti Vəli Əliyev artıq ödənilən vergilər probleminin həlli üçün maraqlı təklif irəli sürüb. Ekspert hesab edir ki, həmin məbləğlər DSMF üzrə borclarla əvəzləşdirilməlidir. Qeyd edək ki, 2019-cu ildən etibarən vergi lə yanaşı, sosial sığorta ödənişlərinin toplanması da Vergilər Nazirliyinə həvalə edilib. Bu mənada texniki cəhətdən də bu məsələlərini bir-biri ilə əvəzləşdirilməsi çətin olmamalıdır:
Eləcə də bax: "Qəbzlər Vergi Məcəlləsinin tələbinə cavab vermir" - ƏDV NECƏ GERİ ALINACAQ?
«Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması Vergi Orqanının vəzifəsidir.
Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir.
Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən dövlət vergi orqanlarının hüquq və vəzifələri məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
Bütün bunlardan çıxış edərək bildirirəm ki, vergi məbləği üzrə artıq ödənilmiş vəsait dövlət sosial sığorta haqqı üzrə borclarla əvəzləşdirilməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır».