Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi çərçivəsində müxtəlif alıcılarla müəyyən razılaşmalar mövcuddur. Bu razılaşmalara əsasən, zəruri hallarda müqavilələr çərçivəsində satın alınan qaz üzrə vəsaitlər dövlətin gəlirli pay hesabına kompensasiya edilir.
Eləcə də bax: Neft Fondu AÇG üzrə gəlirlərin azalmasının səbəblərini - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə sözügedən layihədən qaz üzrə gəlirlərin olmamağının səbəbi ilə bağlı sorğuya cavab olaraq ARDNF-dən bildirilib.
Məlumata görə, sözügedən halda tərəflər arasında imzalanmış çoxtərəfli müqaviləyə əsasən, bu vəsait Neft Fonduna qaytarılmalıdır: "Bütün bunları nəzərə alaraq, ARDNF 2021-ci ilin yanvar-fevral aylarında "Şahdəniz" layihəsi çərçivəsində qazın satışından gəlir əldə etməyib".
ARDNF-dən əlavə ediblər ki, eyni zamanda, 2021-ci ilin yanvar-fevral aylarında Fondun "Şahdəniz" yatağındakı kondensat satışından əldə etdiyi gəlirlər 3 538 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-fevralında ARDNF-nin "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 69 mln. dollar təşkil edib.
Kondensat üzrə gəlirlərin azalmasını da Fond tərəfindən yuxarıda qeyd olunan səbəblərlə əlaqələndirib.
Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. dollar (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.(Apa)