Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-da yerləşən və "BlackRock"un tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq investisiya edib.
Neft Fondunun ən çox yatırım etdiyi şirkətlər: “NVIDIA”, “Microsoft” və "Apple" - MƏBLƏĞLƏR
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Neft Fondu elan edib ki, bu, Fondun Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.
Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb.
Uzun illər Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik hökumətin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarına qədər hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaq. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.
2019-cu ildə "VINCI Airports" şirkəti Qatvik hava limanının 50,01 %-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.
Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Neft Fondunun London aeroportuna yatırım etməsi ilə bağlı ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib ki, "Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olmaqla yanaşı, Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir".
Aeroporta sahiblikdə Neft Fondunun şəriki, aeroportun səhmlərinə sahib olan GIP şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesi isə bildirib ki, "Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızın davam etməsindən məmnunuq".
Xatırladaq ki, 1999-cu ildə yaradılan Neft Fonduna ölkənin neft-qaz gəlirləri toplanır. Fond yaradılanda əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda Fondun aktivləri 70 milyard ABŞ dollarına yaxındır. Neft Fondunun pulları xarıcı plkələrin istiqrazlarına və pul bazarı alətlərinə, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə investisiya edilir.
GİP şirkəti - yəni "Global Infrastructure Partners", "BlackRock"un tərkibində fəaliyyət göstərən və 189 milyard ABŞ dollarından artıq aktivləri idarə edən dünyanın aparıcı infrastruktur investorlarından biridir.
Şirkət enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su təchizatı və tullantıların idarə olunması sahələrində böyükmiqyaslı və strateji əhəmiyyətli obyektlərin idarə olunmasında geniş təcrübəyə malikdir.












