Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak investisiyaları ümumi portfelin diversifikasiyasına xidmət edir. Bu il yanvarın 1-nə 3,5 milyard dollar (6,06 faiz artım) dəyərə malik daşınmaz əmlak portfeli ARDNF-in ümumi portfeldəki dəyərinin 5,9 faizini təşkil edir və növbəti illərdə 10 faizə çatması hədəflənir.
FED.az Dövlət Neft Fondunun illik hesabatına istinadən xəbər verir ki, daşınmaz əmlak investisiyaları yarandığı ildən bəri 4,9 faiz illik gəlirlilik olmaqla ümumi 1 milyard dollar həcmində qazanc əldə edib.
Cari il yanvarın 1-nə ARDNF-in daşınmaz əmlak fonduna investisiyaları 4 milyard 564 milyon 772 min təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 9,14 faiz çoxdur.
Fond 30-dan çox ölkədə 18 etibarlı tərəfdaşla 6 birbaşa (19 faiz), 11 müştərək (8 faiz), 39 daşınmaz əmlak fondu (73 faiz) olmaqla ümumilikdə 56 investisiya həyata keçirib. Özəl daşınmaz əmlak fondlarına edilmiş investisiyalar ümumi daşınmaz əmlak portfelinin 71 faizini təşkil edib.
Fondun daşınmaz əmlak portfelinin regionlar üzrə bölgüsündə Şimali Amerika və Avropa hər biri 39 faiz, Asiya Sakit Okean Hövzəsi isə 22 faiz təşkil edir.
Hesabata əsasən daşınmaz əmlak investisiyaları 2,9 faiz dəyərində azalıb.