Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli Payn Avenyu A Qülləsi 521,5 milyard Koreya vonu müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satılmışdır.
Eləcə də bax: Dövlət Neft Fondunun aktivləri cüzi azalıb - GƏLİR VƏ XƏRCLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olmuş və alınma tarixindən ARDNF sözügedən investisiyadan sabit icarə gəlirləri əldə etmişdir. ARDNF qeyd edilən daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın almışdır. Daşınmaz əmlakdan icarə üzrə gəlirlilik 31,4%, qiymət artımından gəlirlilik 4,8% olmaqla ümumi gəlirlilik 36,2% olmuşdur.
Əmlakın satışı ilə əlaqədar olaraq ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd etmişdir ki: “Müasir standartlara cavab verən və əlverişli şərtlərlə əldə edilən Payn Avenyu A Qülləsi bizim üçün daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi. Binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut etmiş oldu və müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə edildi. Bununla yanaşı, Payn Avenyu A Qülləsinin satışı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-nin əsasən daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir.”