Rusiya prezidenti Vladimir Putin ABŞ-ın get-gedə sərtləşən sanksiyalarına cavab olaraq xarici ticarət əməliyyatlarında dollardan imtina etmək vəzifəsini hökumətin qarşısına qoyub. Bu günlərdə “The Wall Street Journal” qəzetində dərc edilmiş məqalədə deyilirdi ki, Rusiya dollardan imtina istiqamətində səylər göstərir və artıq bəzi nəticələr əldə edib. Məsələn, Çinlə ticarət əməliyyatlarında yuandan istifadə 20 faizə qədər artıb.
“Komsomolskaya Pravda” radiostansiyası (eyni adlı qəzetin radioversiyası) dollardan imtinanın nə dərəcədə mümkün olduğu və əhalinin hökumətin yoluyla gedib dollarlarını məsələn, yuana dəyişdirməsinin nə dərəcədə sərfəli ola biləcəyi barədə azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovdan soruşub. Banker.az bildirir ki, biznesmen deyib ki, Rusiyanın və ya istənilən başqa ölkənin günün birində dollardan imtina etməsi real deyil.
“Mən hər halda öz mövqeyimdə qalıram. Bizdə nə alınır? Ancaq tendensiya, hansı ki, bir neçə il sonra nəticələrə gətirib çıxara bilər. İndi isə qəfildən durub demək ki, biz dollar asılılığından imtina edirik, bu, mümkün deyil” - Ağalarov deyib.
Biznesmenin fikrincə, dollar dünyada vahid ölçü və çəki sistemi kimidir. Əgər siz məsafəni ölçmək istəyirsinizsə, onu ya kilometrlə, ya millə ölçməlisiniz. Pul sistemində də belədir-dollar var, avro var, funt və ya isveçrə frankı var. Üstəlik, bu sistemdə dolların çəkisi daha böyükdür.
Araz Ağalarov deyir ki, Rusiyanın Çinlə ticarətində yuanla hesablaşma 20 faiz arta bilər, amma hər halda bu 100 faiz deyil. Biznesmen özünün dollara münasibətinə gəldikdə isə bildirir ki, onun şirkəti heç vaxt pul yığmaqla məşğul olmayıb və olmayacaq.
“Əgər bizim sərbəst maliyyə resurslarımız yaranırsa adətən nəsə tikirik. Çünki hesab edirik ki, necə də olsa ən etibarlı yatırım daşınmaz əmlakdır. Çünki hər şeyin qiyməti qalxır-sement, beton, armatur, bütün materiallar həmişə bahalaşır. Ona görə də siz öz vəsaitinizi hansısa tikintiyə yönəldirsinizsə həmin tikilinin qiyməti ildən ilə artacaq. Ona görə də adamlar mənzil alır, çünki başa düşür ki, 10-20 il sonra həmin mənzilləri indiki qiymətə ala bilməyəcəklər” - Araz Ağalarov deyib.
Biznesmenə görə dolların kursu haqda danışmaq lazım gəlirsə o zaman rublun ucuzlaşacağı aydındır. Bu da Rusiyanın büdcə siyasəti ilə bağlıdır. Çünki neft bahalaşdıqca Mərkəzi Bank bazardan daha çox dollar alır ki, valyuta ehtiyatlarını artırsın.
Bəs Araz Ağalarov sadə rusiyalılara nə məsləhət görür, onların qənaət edib saxladıqları hansısa pullar varsa nəyə xərcləsinlər-daşınmaz əmlaka, sağlamlıqlarına, istirahətə, təhsilə?
“Hərə öz pulunu öz bildiyi kimi xərcləyir. Lakin dollarla bağlı heç nə baş verməyəcək, dollar heç yana yoxa çıxan deyil. Bütün bunların hamısı uzunmüddətli planlaşdırmadır, uzaq üfüqlərə hesablanıb” - Ağalarov deyib.
“Yəni rublu da corabın içində, döşəyin altında saxlamaq düzgün deyil? Ən yaxşısı harasa yatırmaqdır?” - müxbir maraqlanıb.
“Bəli. Bilirsiniz, dollar bir vaxtlar 6 rubl idi, indi neçəyədir…bilirsiniz neçəyədir” - azərbaycanlı milyarder cavab verib.
Virtual Azərbaycan