Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndiricilərin “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursuna yekun vurub.
AQC-dən FED.az-a verilən məlumata görə, maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 19 iştirakçının qatıldığı sertifikatlaşdırma kursunu bitirən 9 iştirakçı imtahanda müvəfəqiyyət qazanıb. “Access Bank”ı təmsil edən Rüfət Abdullayev və Məhərrəm Əsədov, “SOS Consulting” şirkətindən Sevinc Rəhimova, “İVC Group” şirkətin dən Günel Həsənova, “Caspro” şirkətindən Asif Yusifov, “Asel Servis” şirkətindən Günel Binnətova, “Real Prays” şirkətindən Tural Əliyev, “Acons” şirkətindən Fərid Hüseynov və Fərhad Qılmanov imtahanı uğurla başa vuraraq qiymətləndirici sertifikatını əldə ediblər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc qalibləri təbrik edib və Azərbaycan qiymətləndiricilərinin keyfiyyətcə yeni mərhələnin astanasında olduğunu bildirib: “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun tələbinə uyğun olaraq Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyətə başlayacaq. Palata tənzimləmə qurumu olaraq qiymətləndirmə sektoruna aid imtahanlar təşkil edəcək və qiymətləndiricilərin reyestrini aparacaq. Ölkə qiymətləndiriciləri olaraq bu prosesdə yaxından iştirak etməli və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunmasına öz töhfəmizi verməliyik” – Vüqar Oruc vurğulayıb.
AQC sədrinin müşavirləri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kafedra müdiri Suqra Hümbətova və İctimai idarəetmı və sosial innovasiyalar kafedrasının dosenti İbrahim Quliyev qiymətləndirmə sektorunun mövcud durumu, qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması, peşəkar qiymətləndiricilərin yetişdirilməsi ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar qeyd ediblər ki, Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşması məqsədilə qiymətləndirmə imtahanları keçiriləcək və AQC təmsilçiləri olaraq Dövlət İmtahan Mərkəzi ilə imtahan suallarının tərtibatı, test bankının formalaşdırılması istiqamətində fəal əməkdaşlıq edirlər. Hər iki iqtisadçı alim Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyətə başlamasını mühüm hadisə kimi qiymətləndirərək, bu prosesdən böyük gözləntilərin olduğunu diqqətə çatdırıblar.