Azərbaycanda maliyyə inklüzivliyinin dərinləşdirilməsi üzrə dövlət proqramı yaxın vaxtlarda təsdiqlənəcək.
"Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası" təsdiqlənib
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov bildirib.
Onun sözlərinə görə, AMB artıq maliyyə inklüzivliyinin genişləndirilməsinə dair dövlət proqramını hazırlayıb:
"Sənəddə 5 əsas istiqamət müəyyən edilib. Birinci istiqamət - maliyyə məhsullarının çatdırılma kanallarının genişləndirilməsini nəzərdə tutur. Bu, həm rəqəmsal, həm də fiziki kanalların inkişafını əhatə edəcək. Bu çərçivədə "bancassurance" modelinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
İkinci istiqamət - maliyyə məhsul və xidmətləri bazarının genişləndirilməsini nəzərdə tutur. Buraya fərdi şəxslərin və xüsusilə kiçik və orta bizneslərin ehtiyaclarına uyğun yeni məhsul və xidmətlərin hazırlanması və bazara çıxarılması daxildir.
Üçüncü istiqamətə maliyyə inklüzivliyini dəstəkləyən infrastrukturun formalaşdırılması daxildır. Bu, məlumat mübadiləsi, datanın bölüşdürülməsi və maliyyə institutlarının müştəri risklərini qiymətləndirməsi üçün tələb olunan məlumatların təmin olunmasını əhatə edir. Dördüncü istiqamət – uyğun tənzimləmələrin və siyasət çərçivələrinin hazırlanmasını nəzərdə tutur. Beşinci istiqamətə isə istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsini daxildir".
R. Tahirov qeyd edib ki, proqramın icrasında həm fərdi müştərilər, həm də bizneslər üçün maliyyə inklüzivliyinin artırılmasında bank-sığorta əməkdaşlığı modelinin inkişafı əsas strateji alət kimi müəyyən edilib. (Report)









