İndiyə qədər Azərbaycan Mərkəzi Bankına (AMB) xüsusi tənzimləmə rejimində iştirakla bağlı ümumilikdə 21 müraciət daxil olub.
AMB xüsusi tənzimləmə rejiminin hədəflərini - AÇIQLAYIB
FED.az AMB-yə istinadən xəbər verir ki, müraciətlər virtual aktivlər, ödəniş xidmətləri, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır.
Hazırda qurumda müraciətlərin ilkin qiymətləndirilməsi başlayıb. Növbəti mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi aparılacaq və yekun qərar qəbul olunacaq.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə cəmləyən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub. Həmçinin bu sahədə tənzimləmə çərçivəsinin yaradılması da hədəflənib.
Xüsusi tənzimləmə rejiminin istehlakçıların hüquqlarının qorunması, maliyyə sektorunda formalaşa bilən potensial risklərin effektiv idarə edilməsi və ümumilikdə maliyyə sisteminə inamın yüksəldilməsi istiqamətinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.