Xarici təşkilatlar, o cümlədən "PayPal" tələblərə cavab verdiyi təqdirdə Azərbaycanda "Açıq bankçılığ"a qoşula bilərlər.
Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
"Hətta xarici ölkələrdə olan bank filialları da bizim tələblərimizə cavab versələr, lazımi lisenziyanı alsalar, təbii ki, "Açıq bankçılığ"a qoşula bilərlər. Bu sistemin tərkib hissəsi olan "Hesab üzrə məlumat xidməti"nə qoşulmaq üçün isə sadəcə bizdə qeydiyyatdan keçmək lazımdır. Yəni lisenziya olmasa belə qeydiyyatla bu xidməti göstərmək olar", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, kripto investisiya platformalarının da "Açıq bankçılığ"a qoşulması "Açıq Maliyyə" konsepsiyasına daxil olacaq. "Hazırda ölkədə kriptovalyuta ilə ödəniş yoxdur, gələcəkdə olacaq-olmayacaq hələ o barədə bir məlumat verə bilmərik. Amma "Açıq Maliyyə" ekosisteminə qoşulmaqla siz bank və elektron pul hesablarınızı həmin platformaya əlavə edib, vəsaitlərinizi müəyyən hesaba köçürə bilərsiniz və həmin hesabdan kripto hesablarına köçürtmək imkanınız ola bilər". (report)













