Maliyyə sektorunda regional koordinasiya dayanıqlı inkişafa təkan verir.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunu qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Gürcüstan Milli Bankının (GMB) ölkədə milli valyutanın yaradılmasının 30-cu ildönümü münasibətilə təşkil etdiyi beynəlxalq konfransda bildirib.
Məlumata görə, konfrans GMB-nin sədri Natiya Turnava, ölkə Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin açılış nitqi ilə başlayıb.
Ə.Məmmədyarov tədbir çərçivəsində “Dəyişən mənzərədə qlobal maliyyə sistemi: pul siyasətinə təsirlər” mövzusunda N.Turnavanın moderatorluğu ilə keçirilən panelin spikerlərindən olub. O, mərkəzi bankların siyasət çərçivələrinin mürəkkəb dövrün tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb, strateji çeviklik və institusional dayanıqlılığın uzunmüddətli inkişafa verdiyi əhəmiyyətli töhfəni qeyd edib.
Ə.Məmmədyarov regional koordinasiyanın, bu çərçivədə paylaşılan təcrübənin və analitik imkanların dayanıqlı inkişafa təkan verdiyini bildirib. O, çıxışında maliyyə sabitliyinin və bütövlükdə maliyyə sektorunun inkişafının təmin olunmasında AMB tərəfindən həyata keçirilən mühüm təşəbbüsləri diqqətə çatdırıb.
Konfransda parlament üzvləri, xarici mərkəzi bankların, akademik dairələrin və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə yanaşı, 30-dan çox ölkəni təmsil edən 300-dən artıq nümayəndə iştirak edib.