Azərbaycan Mərkəzi Bankı fintex sahəsinin inkişafı üçün təhlükəsiz ekosistem formalaşdırır.
FED.az xəbər verir ki, “Fintex Summit 2025” konfransında Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi çıxış edib.
O bildirib ki, Mərkəzi Bank fintexlərin təhlükəsiz şəkildə inkişaf edə biləcəyi mühitin formalaşdırılması üzərində çalışır. Bu məqsədlə qurum yalnız ənənəvi tənzimləyici rolunda deyil, həm də innovativ ekosistemin təşəbbüskarı kimi çıxış edir.
Fidan Tofidinin sözlərinə görə, fintex sahəsinin inkişafı bu gün xüsusilə aktuallaşıb, çünki müştərilər daha əlçatan və rəqəmsal maliyyə həlləri tələb edirlər. Mərkəzi Bankın 2024-cü ildən etibarən icrasına başladığı “Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində artıq bir sıra layihələr həyata keçirilməkdədir.
Keçən ildən etibarən tənzimləyici sandbox mexanizmi tətbiq olunmağa başlanıb. Bu çərçivədə 21 müraciət qəbul edilib və onlardan 4-ü növbəti mərhələyə keçib. Eyni zamanda, növbəti layihə çərçivəsində müştərilər bir əməliyyatı həyata keçirdikdən sonra eyni əməliyyatı yenidən icra edərkən təkrar KYC prosedurlarına ehtiyac qalmayacaq.
Fidan Tofidi qeyd edib ki, virtual aktivlərin təhlükəsiz şəkildə bazara təqdim olunması məqsədilə qanun layihəsi hazırlanır və ilin sonuna qədər bu layihənin təqdim ediləcəyi gözlənilir.
“Hazırda həm yerli, həm də beynəlxalq platformalarda fintex sahəsində əldə etdiyimiz təcrübə və məlumatları bölüşürük. Eyni zamanda, Fintex Platforması yaradılması üzərində işləyirik. Bu platformada fintexlərə dair bütün məlumatların əks olunması nəzərdə tutulur”, – deyə o əlavə edib.
Çıxış zamanı açıq bankçılıq sahəsində də işlərin aparıldığı qeyd olunub. Gələcək planlara gəlincə, Fidan Tofidi vurğulayıb ki, rəqəmsal mərkəzi bank istiqamətində də aktiv işlər görülür və ağıllı tənzimləmə modeli hazırlanır.
“Rəqəmsal ödənişlərin və maliyyə inklüzivliyinin artırılması istiqamətində həyata keçirdiyimiz layihələr gələcəkdə də prioritet olacaq. Növbəti strateji dövrdə rəqəmsal maliyyə ekosisteminin formalaşdırılması əsas hədəfimizdir”, – deyə departament direktoru bildirib.
Fidan Tofidinin fikrincə, innovasiyanı tənzimləmədən yönləndirmək mümkün deyil. Bu səbəbdən, tənzimləyici çərçivə gələcəkdə ortaq dəyərlərin yaradılmasına və sağlam ekosistemin qurulmasına xidmət etməlidir. “Aydın qaydalar və cəsarətli addımlar olmadan inkişafdan danışmaq mümkün deyil”, – deyə o əlavə edib.