Mərkəzi Bank süni intellekt və kibertəhlükəsizlik üzrə yeni idarəetmə çərçivələri üzərində işləyir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxışı zamanı məlumat verib.
Vüsal Xəlilov bildirib ki, hazırda Mərkəzi Bankın komandası İT idarəetmə, data idarəedilməsi və süni intellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir və yaxın zamanda bu məhsulların sektora təqdim olunması planlaşdırılır. Onun sözlərinə görə, bu çərçivələr beynəlxalq standartlar əsasında formalaşdırılır və təşkilatlarda mövcud proseslərin daha dayanıqlı, təhlükəsiz və effektiv şəkildə qurulmasına xidmət edəcək.
Xəlilov əlavə edib ki, cari ilin aprel ayından qüvvəyə minmiş Məlumat və Kibertəhlükəsizlik üzrə yeni qaydalar sektorun təhlükəsizliyi baxımından mühüm addım olub. O qeyd edib ki, nağdsız ödənişlərin genişlənməsi kibertəhlükələr və dələduzluq halları ilə birbaşa əlaqəlidir və bu səbəbdən kibertəhlükəsizliyə edilən investisiyalar bu dövrdə son dərəcə vacibdir.
Mərkəzi Bank rəsmisi bildirib ki, hazırda təşkilatlar yeni qaydalara uyğunluğun təmin olunması üçün yol xəritələrini Mərkəzi Bankla razılaşdırır və tənzimləyici qurum kimi bu sahədə görülən işlər yüksək qiymətləndirilir.