Azərbaycan iqtisadiyyatına birbaşa 7 milyard dollar xarici investisiya yatırılıb. Birləşmiş Krallıq 1,8 milyard investisiya ilə ilk yerdə qərarlaşıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
O bildirib ki, portfel investisiyalar kəsirlidir, kəsir 1,6 milyard dollar təşkil edir. Kəsiri yaradan aktivlərin 700 milyon dollar artması, öhdəliklərin isə 960 milyon azalması olub.
"700 milyon dollar aktivlər artıb, belə ki ölkədə fəaliyyət göstərən müəssisələr xaricdən qiymətli kağızlar alıb. Maliyyə öhdəlikləri isə 960 milyon azalıb. Vaxtı çatmış dövlət qiymətli kağızları dövlət tərəfindən yenidən geri alınıb. Digər investsiyalar balansı kəsirlidir, kəsir 2,8 milyard dollar təşkil edir" - deyə direktor vurğulayıb.
Azərbaycana yatırılan xarici investisiyaların həcminə görə Birləşmiş Krallıq 1,8 milyard ABŞ dolları ilə liderlik edir. Türkiyə 1,2 milyard dollarla ikinci yerdə qərarlaşıb, Macarıstan isə 1 milyard dollarla ilk üçlüyü tamamlayır. Cənubi Kipr tərəfindən yatırılan investisiyaların həcmi 746 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinin isə 490 milyon dollar olub.
Eyni zamanda, Azərbaycan xaricə 1,8 milyard dollar həcmində birbaşa investisiya yönəldib. Bu göstəriciyə görə ilk yerdə 458 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri dayanır. Türkiyəyə yatırılan investisiyalar 249 milyon dollar, Gürcüstana 165 milyon dollar təşkil edib. Birləşmiş Krallığa göndərilən investisiya məbləği 111 milyon dollar, Özbəkistana isə 93 milyon dollar olub.