Azərbaycan Mərkəzi Bankının (AMB) ölkə iqtisadiyyatı ilə bağlı pessimist ssenarisi uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqləri nəzərdə tutur.
FED.az xəbər verir ki, bu barədə qurumun “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, pessimist ssenari qlobal iqtisadiyyatda potensial risklərə uyğun hazırlanıb və rəsmi proqnoz hesab edilmir.
"Ən sərt ssenaridə "Brent" markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə zəifləyir və növbəti illərdə iqtisadi daralma müşahidə olunur.
Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur. Fiskal siyasətdə isə konsolidasiya həyata keçirilir və büdcə xərcləri, əsasən də əsaslı xərclər azalır.
Ümumilikdə, bu ssenari iqtisadi aktivliyin azalması, qiymət artımı və valyuta bazarında təzyiqlərin güclənməsi ilə xarakterizə olunur ki, bu da iqtisadi stabilliyin qorunmasını çətinləşdirir", - deyə hesabatda qeyd olunub.