Azərbaycanın ödəniş məhsullarının xarici bazarlara çıxışı hədəflənir.
"AzFina": Sahibkarların 1 %-dən də azı rəqəmsal ödənişlərdən istifadə edir
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, AMB yaratdığı ödəniş məhsullarının, həmçinin Azərbaycan fintexləri və banklarının təqdim etdiyi xidmətlərin digər ölkələrdə də aktiv şəkildə istifadə olunmasını istəyir: "Bu istiqamətdə hazırda bir sıra layihələr həyata keçirilir. Onlardan biri də sərhədlərarası ("cross-border") ödənişlər, yəni digər ölkələrin ödəniş sistemləri ilə inteqrasiyadır. Hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də mühüm nəticələr əldə olunacaq. Statistik göstəricilər də nümayiş etdirir ki, ölkədə ödəniş sistemlərinin inkişaf dinamikası kifayət qədər yüksəkdir və bazarın əhəmiyyətli hissəsi artıq əhatə olunub. Bununla yanaşı, hələ də böyük potensial mövcuddur. Xüsusilə Azərbaycanın ən çox ticarət apardığı və turist axınının yüksək olduğu ölkələrlə qarşılıqlı ödəniş sistemlərinin inteqrasiyası məqsədəuyğun olardı".
R.Mahmudov vurğulayıb ki, Azərbaycanın gələcəkdə regional ödəniş habına çevrilmək potensialı var: "Bu, uzunmüddətli və geniş işlərin həyata keçirilməsinin tələb olunduğu prosesdir. Lakin düşünürəm ki, düzgün tənzimləmə və innovasiyaların dəstəklənməsi bu məqsədə nail olmaq üçün əlverişli imkanlar yaradacaq. Yeni məhsul və xidmətlərin həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda təqdim olunması üçün adekvat normativ-hüquqi bazanın formalaşdırılması da əsas şərtlərdən biridir". (Report)














