Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının qəbulunun daha da effektiv həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.
Mərkəzi Bankın - Valyuta Ehtiyatlarında Azalma
Bu barədə FED.az-a AMB-dən bildirilir.
Qeyd olunan tədbirlərdən biri də bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək, o cümlədən istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Sumqayıt və Yevlax şəhərlərində yerləşən ehtiyat mərkəzlərində də həyata keçirilməsi imkanının yaradılmasıdır. Maliyyə xidmətləri istehlakçıları aidiyyəti üzrə Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzi (Sumqayıt şəhəri, 40-cı məhəllə, C.Cabbarlı küçəsi 1) və Yevlax Ehtiyat Mərkəzinə (Yevlax şəhəri, H.Əliyev prospekti 82) yaxınlaşmaqla müraciətlərini bildirə bilərlər.
Bundan öncə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi təmin olunmuşdur. Məlumat üçün bildirmək istərdik ki, Bakı şəhərində maliyyə xidmətləri istehlakçılarının qəbulu Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasında həyata keçirilir. Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılmış və maliyyə xidmətləri istehlakçılarının istifadəsinə verilmişdir. Bununla yanaşı, növbənin Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasına gəlmədən müvafiq internet səhifəsi (cbar.az) vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Sözügedən xidmətdən yararlanmaq üçün maliyyə xidmətləri istehlakçıları www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.
Qəbulda iştirak edən maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Banka müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara “QR-kod” vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılmışdır. Qəbul otaqlarında qəbulda iştirak edən istehlakçıların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin icraçı və qəbulu həyata keçirən əməkdaşların vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi üçün onların skan edə biləcəyi “QR-kod” yerləşdirilmiş, həmçinin anket forması hazırlanmışdır.
Hər hansı sual yarandığı halda istehlakçılara Mərkəzi Bankın “966” nömrəli Qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edirik.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Mərkəzi Bankın prioritet məsələlərindən biridir və yaxın gələcəkdə bu sahədə strateji tədbirlər həyata keçiriləcəkdədir. Mərkəzi Bankın istehlakçıların müdafiəsi çərçivəsinin ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq gücləndirilməsi məqsədi ilə həyata keçirəcəyi tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.