Hazırda sistem əhəmiyyətli banklarda əməkdaşların 30%-dək hissəsi rəqəmsal sahədə fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, maliyyə sektoru rəqəmsal transformasiyaya üç istiqamətdə – yeni texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və insan kapitalının inkişafı ilə töhfə verir.
V.Xəlilov bildirib ki, rəqəmsal transformasiyada ən vacib amillərdən biri insan kapitalıdır. Hazırda sistem əhəmiyyətli banklarda əməkdaşların 30%-dək hissəsi proqram təminatı, süni intellekt, məhsul inkişafı və digər rəqəmsal istiqamətlər üzrə çalışır. Bu isə ölkədə formalaşan mühəndislik potensialının maliyyə sektorunda geniş tətbiq olunduğunu göstərir.
Mərkəzi Bank rəsmisi qeyd edib ki, son illərdə rəqəmsal bankçılıqdan istifadə də əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə köçürmələrin cəmi 20%-i elektron bankçılıq vasitəsilə həyata keçirilirdisə, hazırda bu göstərici 82%-ə yüksəlib. Kartlarla aparılan nağdsız ödənişlərin ümumi kart əməliyyatlarındakı payı isə 17,8%-dən 67,7%-ə çatıb.
Onun sözlərinə görə, Ani Ödəniş Sistemi üzrə əməliyyatların sayı da sürətlə artır. Bu göstərici sistem istifadəyə verilən dövrdə 25 min idisə, hazırda 9,4 milyonu ötüb.
V.Xəlilov əlavə edib ki, süni intellekt həlləri maliyyə sektorunda yeni texnologiya deyil və uzun illərdir kredit skorinqi, risklərin modelləşdirilməsi, eləcə də müştərilərə fərdiləşdirilmiş məhsul təkliflərinin hazırlanması kimi istiqamətlərdə uğurla tətbiq olunur. (Apa)














