2024-cü ilin yanvar-sentyabr ayları ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Qeyd edilib ki, manatın məzənnəsi Türk lirəsinə qarşı 17.1%, Ukrayna qrivnasına qarşı 11.2%, Qazaxıstan tengəsinə qarşı isə 5.3% yüksəlib. Hesabat dövrü ərzində manatın məzənnəsi avro qarşısında 1.7%, İngiltərə funt sterlinqi qarşısında 4.2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşıb.
Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət edib. Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.32%, satış məzənnəsi isə 0.12% fərqli olub
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına təsir edib. Ümumilikdə, 2024-cü ilin 9 ayı ərzində manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənmiş, real effektiv məzənnəsi isə 3.3% ucuzlaşıb.
Bildirilib ki, Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.