Mart ayında yenilənmiş proqnozlara görə mövcud pul siyasəti nəzərə alınmaqla inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapazonunda formalaşacağı gözlənilir.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını - Açıqladı
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
AMB-in İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalmışdır. Rəsmi statistikaya görə istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1,6%, ötən ilin fevralına nəzərən 4,2% artıb. İnflyasiya ilk növbədə dünya əmtəə qiymətlərinin və bəzi inzibati qiymətlərin yüksəlməsi kimi xərc amillərindən təsirlənib. Qeyri-ərzaq məhsullarının və xidmətlərin bahalaşmasının inflyasiyada rolu nisbətən artıb.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-fevral aylarında 2,1% təşkil edib.
"İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor müəssisələri üzrə monitorinq nəticələrinə görə fevralda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət və xidmət sektorlarında sabit qalmışdır. Qeyri-neft sənayesində inflyasiya gözləntisi yanvardakı artımın ardınca nisbətən azalmışdır. Tikinti sektorunda isə qiymət gözləntisinin azalma meyli davam edib", - məlumatda bildirilir.
Qeyd edək ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda inflyasiya 4% civarında olacaq. (Apa)