Azərbaycanda son dövrlərdə fırıldaqçıların kart məlumatlarını əldə etmək üçün ən çox istifadə etdiyi metodlar açıqlanıb.
Azərbaycanda kartdan pul çəkən telefon dələduzları - ƏN ÇOX GƏNCLƏRİ ALDADIRLAR
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Rəşad Qasımov bildirib ki, bu metodlardan biri dəyərli mükafat vəd edən kampaniyalardır.
Bununla yanaşı, lotereyalarda iştirakla bağlı saxta elanlar paylaşılır.
"Qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatları əldə edilir. Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər”, - mütəxəssis əlavə edib.
R.Qasımov bildirib ki, fırıldaqçılar müxtəlif üsullarla özlərini bank əməkdaşı kimi təqdim edərək zənglər vuraraq, "e-mail"lər yazaraq və ya telefona mesajlar göndərərək kart məlumatlarını əldə etməyə və vəsaitlərdən qanunsuz olaraq istifadə etməyə cəhd göstərə bilərlər: “Bu səbəbdən heç bir halda kart məlumatları 3-cü tərəflərə təqdim ediməməli və kart məlumatlarını sorğulayan zəng, "e-mail", mesajlar cavablandırılmamalıdır”.
AMB-nin böyük mütəxəssisi vurğulayıb ki, PİN kod heç bir halda kartın üzərində qeyd olunmamalıdır:
“PİN koda dair məlumatları kartla bir yerdə saxlamaq tövsiyə olunmur. Əks təqdirdə, pul kisəniz itirildikdə və ya oğurlandıqda kartınız üzrə bütün məlumatlar səlahiyyətli olmayan şəxslərin əlinə keçəcəkdir. Kartla aparılan bütün əməliyyatlardan anında xəbərdar olmaq üçün mobil bankçılıq xidmətlərindən istifadə etmək məqsədəuyğundur. Hər hansı şübhəli hal baş verdikdə, internet və ya mobil bankçılıq xidmətlərindən istifadə etməklə və ya bankın qaynar xəttinə zəng etməklə kartı dərhal bloklaşdırmaq və məsələnin araşdırılması üçün müvafiq banka müraciət etmək lazımdır. İnternet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi üçün 3D Secure xidmətinə qoşulmaq və əməliyyatları SMS vasitəsilə əldə olunan birdəfəlik şifrə ilə başa çatdırmaq tövsiyə olunur”.
R.Qasımov Mərkəzi Bank tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirdiyi haqqında məlumat verib:
“Cari ildə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı" hazırlanıb. Fəaliyyət Planına müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanıb və hazırda Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanmaqdadır”.
Eyni zamanda, qeyd etmək istərdim ki, rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsinin aparılması, əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Mərkəzi Bankda hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və bank sektorunun nümayəndələrindən ibarət xüsusi işçi qrupu fəaliyyət göstərir. Banklar tərəfindən müəyyən edilən dələduzluq halları ilə bağlı məlumatlar sözügedən işçi qrupunda təmsil olunan hüquq-mühafizə orqanlarının, eləcə də digər müvafiq dövlət qurumlarının nümayəndələrinə təqdim olunduqdan sonra aidiyyəti qurumlar tərəfindən dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin araşdırılması, aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri işlər həyata keçirilir”. (Report)