Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə illik inflyasiya proqnozunu 8.3% səviyyəsində saxlayıb.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini - SABİT SAXLADI
FED.az xəbər verir ki, “Qlobal iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı qeyri-müəyyənlik qalmaqda davam edir. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 11.5% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə (15,6%) ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12.7%-ə enib”, - deyə AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında bildirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2.6% (2022-ci ilin mart ayında qeydə alınmış pik səviyyə 18,7% təşkil edib - İF) azalıb.
AMB-nin məlumatına görə, ikirəqəmli xarici inflyasiya Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biridir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi müşahidə olunur.
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9%-dək (2021-ci ildə 6,7%) artıb.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% səviyyəsində proqnozlaşdırır.(İnterfaks-Azərbaycan)