Azərbaycan Ordusunun sarsıdıcı zərbələri altında məğlub olan və işğal etdiyi torpaqlardan qovulan Ermənistan tərəfi Azərbaycana qarşı digər sahələrdə də təxribatlarını davam etdirir.
Eləcə də bax: Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - Foto
Azərbaycan Mərkəzi Bankından (AMB) FED.az-a bildirilib ki, növbəti dəfə düşmən tərəfindən Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılıb.
Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondu qətiyyətlə bu məlumatları təkzib edərək bir daha ölkə əhalisindən, bank müştərilərindən xahiş edir ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməsinlər və bunu aciz düşmənin növbəti təxribatı olduğunu nəzərə alsınlar.
"Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə stabil xidmətlər göstərir. Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir"-deyə məlumatda bildirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “[email protected]” e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.