2024-cü ildə də Mərkəzi Bankın pul siyasəti ölkədə qiymət sabitliyinin təmin olunmasına, yəni inflyasiyanın aşağı və stabil səviyyədə saxlanılmasına yönəldiləcək.
Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə - BƏYANATI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Qeyd olunub ki, pul siyasətinin əsas məqsədi inflyasiyanın "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə elan edilmiş hədəf intervalında saxlanılması olacaq.
"Qiymət sabitliyini dəstəkləməklə Mərkəzi Bank ölkə iqtisadiyyatının dayanıqlı artımına şərait yaratmış olacaq.
Pul siyasəti qərarları 2024-cü ildə də inflyasiya mühitində xarici və daxili amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar əsasında veriləcək. Azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi 2024-cü ilə illik inflyasiyanın hədəf intervalında formalaşmasını proqnozlaşdırmağa əsas verir.
Pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və pul siyasətinin kommunikasiyanın genişləndirilməsi istiqamətlərində islahatlar davam etdiriləcək. Bu islahatlar pul siyasəti qərarlarının inflyasiyaya ötürücülüyünün gücləndirilməsinə xidmət edəcək", - deyə Mərkəzi Bank qeyd edir.
Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ildə pul siyasətini 8 dəfə nəzərdən keçirməyi planlaşdırır. Mərkəzi Bankın 2024-cü ildə faiz dəhlizinin parametrlərinə dair qərarları 31 yanvar, 28 mart, 1 may, 21 iyun, 31 iyul, 18 sentyabr, 30 oktyabr və 18 dekabr tarixlərində ictimaiyyətə təqdim olunacaq.