Almaniyada keçirilən parlament seçkilərində Mühafizəkar CDU/CSU blokunun qalib gəlməsi avronun məzənnəsinə və fond bazarlarına müsbət təsir edib.
Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
FED.az xəbər verir ki, seçkilərin nəticələrinə əsasən, CDU/CSU 28,5%, ifrat sağçı AfD isə 20,5% səs toplayıb. Mühafizəkarların lideri Fridrix Mers kansler postuna yaxınlaşsa da, koalisiya danışıqları çətin və uzunmüddətli ola bilər. Buna baxmayaraq, seçkilərdə gözlənilməz neqativ nəticələrin olmaması investorları rahatlaşdırıb.
Bu xəbərlərin fonunda avro bir ayın ən yüksək həddinə - 1.0528 ABŞ dollarına çatıb, Avropa fond indeksləri isə bahalaşıb. EUROSTOXX 50 və Almaniyanın DAX indekslərinin fyuçersləri müvafiq olaraq 0,7% və 1% artıb, Bund fyuçersləri isə eniş göstərib. Analitiklər indi diqqətin CDU/CSU-nun hökumət formalaşdırma sürətinə yönəldiyini bildirirlər. Bazarlara ən çox müsbət təsir edəcək variantlar CDU, SPD və Yaşılların daxil olduğu "Kenya" koalisiyası və ya CDU-nun böyük koalisiyada iştirakıdır.
Seçkilərin nəticələri həm də Almaniyanın iqtisadiyyatı üçün vacib olan "borc əyləci"nin yumşaldılması ehtimalını gündəmə gətirib. Almaniya iqtisadiyyatı 2024-cü ildə ikinci dəfə geriləyib və ekspertlər bunun səbəbini büdcə qaydalarına uyğun sərt fiskal məhdudiyyətlərlə əlaqələndirirlər. Müdafiə xərclərinin artırılması ilə bağlı Avropa ölkələrinin təzyiqi fonunda Almaniyanın dövlət xərclərini artırması gözləntiləri güclənib, bu da avrozonada iqtisadi inkişaf üçün vacib faktor ola bilər.