“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini yüksəldib.
FED.az xəbər verir “Allianz Trade” beynəlxalq sığorta və iqtisadi təhlil şirkəti Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) qaldırıb.
Qeyd edək ki, bu dəyişiklik ölkədə risk səviyyəsinin azaldığını və daha sabit iqtisadi-siyasi mühitin formalaşdığını göstərir. Bu, həm də Azərbaycana dair beynəlxalq biznes və investisiya etimadının artdığını ifadə edən mühüm göstərici kimi qiymətləndirilir.
Allianz Trade-in təqdim etdiyi bu reytinq ixrac kreditləri, xarici investisiyalar, bank zəmanətləri və kommersiya sığortası kimi sahələrdə qərarların verilməsinə birbaşa təsir göstərir. Risk səviyyəsinin azalması isə ölkəyə kapital axınının artması, daha sərfəli kredit imkanlarının yaranması və xarici sərmayələrin stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Xatırladaq ki, Allianz Trade əvvəllər Euler Hermes adı ilə fəaliyyət göstərib və 2022-ci ildə rebrendinq olunaraq hazırkı adını alıb. Şirkət Allianz Qrupunun tərkibində fəaliyyət göstərən ticarət kredit sığortası və risk qiymətləndirmə bölməsidir.
Onun əsas fəaliyyət istiqamətlərindən biri ölkə və sektor riskləri üzrə reytinglər və iqtisadi təhlillər təqdim etməkdir. (Apa)