Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə Gəncədə yerləşən ali təhsil müəssisələri və ABŞ-nin nüfuzlu Boston Universiteti arasında memorandum imzalanıb.
FED.az xəvər verir ki, Gəncə universitetləri üçün yaradılan bu imkan AİB və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində baş tutub.
Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Boston Universitetinin imzaladığı memoranduma əsasən:
- Gəncədə yerləşən ali təhsil müəssisələrinin texnoloji startap ekosisteminə dair beynəlxalq təcrübələrə yiyələnməsi və tətbiqi;
- Mütəxəssislər üçün qarşılıqlı mübadilə proqramlarının təşkili;
- Startap inkubasiyası və akkselerasiyası üçün mentorluq proqramının yaradılması;
- Texnoloji startap sahəsində fəaliyyət göstərən şirkətlər üçün bazar araşdırması və biznes imkanlarının müəyyən edilməsinə dair tərəflərin birgə əməkdaşlıq;
- Müsabiqə, hakaton və oxşar təbirlərin təşkil olunması nəzərdə tutulub.
Boston Universtitetinin Sahibkarlıq Fakültəsinin və Biznes İnnovasiya Mərkəzinin Direktoru cənab Rana Qupta məhz bu əməkdaşlıq nəticəsində Gəncə şəhərindəki ali təhsil müəssissələrində olub. O 2 həftəlik səfər zamanı Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbər heyətləri və mütəxəssisləri ilə görüşlər keçirib.
Qonağa universitetlərin maddi texniki bazası, habelə tələbələrin tədris, karyera və sahibkarlıq imkanlarına çıxışın barədə ətraflı məlumat verilib.
Amerikalı mütəxəssis Azərbaycana səfəri çərçivəsində Gəncədə ali təhsil alan tələbələrlə də görüşüb və onları maraqlandıran suallar ətrafında müzakirələr aparıb. Cənab Qupta, həm də tələbələr üçün startapların qurulması, innovativ yanaşma, sahibkarlıq, biznes planın formalaşdırılması, bazara çıxış, marketinq planı və bu sahəni əhatə edən müxtəlif təlimlər keçib.
Xatırladaq ki, "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.