Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) koronavirus (COVID-19) infeksiyasının mənfi tibbi, sosial və iqtisadi təsirlərinin azaldılması üzrə hərtərəfli planın həyata keçirilməsinə yardım məqsədilə Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib.
Eləcə də bax: AİB koronavirusa görə Azərbaycana - $250 Milyon Kredit Ayırır
FED.az xəbər verir ki, kredit iyulun 15-də təsdiqlənsə də, bankın saytında bununla bağlı məlumat bu həftə dərc olunub.
“Proqramın məqsədi Azərbaycan hökumətinin COVID-19 pandemiyasının əhalinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına, həmçinin makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi tədbirlərini dəstəkləməkdir”, - deyə bankın materiallarında bildirilir.
Azərbaycan hökuməti 2021-ci ildə COVID-19 infeksiyasının mənfi təsirlərinin yumşaldılmasına yönəldilmiş əlavə maliyyə dəstəyi proqramını $1 milyard 773,2 milyon məbləğində qiymətləndirir. “Bunun $100 milyonu AIIB-in, $250 milyonu Asiya İnkişaf Bankının krediti (2021-ci il iyulun 7-də təsdiq edilib), qalan $1 milyard 423,2 milyonu isə Azərbaycan hökumətinin vəsaitidir”, - deyə sənədlərdə qeyd olunur.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2020-2021-ci illərdə COVID-19-a qarşı sosial və maliyyə dəstəyi paketini 3,5 milyard manat ($2,06 milyard) məbləğində qiymətləndirir. 2020-ci ildə proqram çərçivəsində 2,5 milyard manat (təxminən $1,5 milyard), o cümlədən dövlət büdcəsindən 2 milyard manat (təxminən $1,2 milyard) yönəldilib.
Bu, bankın Azərbaycana ayırdığı ikinci kreditdir. 2016-cı ilin dekabr ayında AIIB TANAP qaz kəmərinin tikintisi üçün Azərbaycana $600 milyon məbləğində kredit ayırıb.
Mənzil-qərargahı Pekində yerləşən AIIB 2015-ci ilin sonunda 57 ölkə tərəfindən təsis edilib. Azərbaycan 2016-cı ilin iyun ayında bankda üzvlüklə bağlı prosedurları başa çatdırıb. (İnterfaks)