Asiya İnkişaf Bankının (AİB) yeni proqnozuna əsasən, bu il ən pis halda Azərbaycana daxil olan pul baratları 2018-ci il ilə müqayisədə 23,1% azalacaq.
Eləcə də bax: Azərbaycanın valyuta ehtiyatları $10 milyard azalacaq? – YENİ PROQNOZ
FED.az xəbər verir ki, bankın hesabatına görə, pul daxilolmalarının azalmasının əsəs səbəbi COVID-19 pandemiyasıdır. Belə ki, xaricdə işləyən miqrantların pandemiya ilə bağlı öz ölkələrinə dönməsi və işlədikləri ölkələrdə işsizliklə üzləşməsi bu prosesin daha kəskin şəkildə baş verməsinə səbəb olub.
AİB qeyd edir ki, bu il qlobal pul köçürmələri baza ssenari ilə 2018-ci il ilə müqayisədə 57,6 mlrd. dollar və ya 9,7%, təkcə Asiya və Sakit dəniz regionunda da isə 31,4 mlrd. dollar və ya 11,5% azalacaq. Ən pis halda bu göstəricinin dünyada 108,6 mlrd. dollar və ya 18,3%, Asiyada isə 54,3 mlrd. dollar və ya 19,8% azalacağı gözlənilir.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycana daxil olan pul baratları 934 mln. ABŞ dolları təşkil edib. Bu da 2018-ci illə müqayisədə 13,5% azdır. 2018-ci ildə isə ölkəyə daxil olan pul baratları 1 080 mln. dollara bərabər olub. (Apa)