Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Mərkəzi Bankın birgə təşkilatçılığı ilə bankın əməkdaşları üçün “Azərbaycanda yerli kredit reytinq agentliklərinə nəzarət” mövzusunda ikigünlük təlim keçirilib.
FED.az AMB-yə istinadla xəbər verir ki, təlimin ilk günündə AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal və Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə açılış nitqləri ilə çıxış ediblər.
Şahin Mahmudzadə AİB ilə Mərkəzi Bank arasında uzun illərə söykənən məhsuldar əməkdaşlığın ölkənin maliyyə sektorunda dayanıqlılığın və insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, iştirakçılara uğurlar arzulayaraq təlim çərçivəsində əldə ediləcək yeni bilik və səriştələrin maliyyə sektorunun inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib.
AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal isə kredit reytinq agentliklərinin maliyyə bazarlarının inkişafında və bazar iştirakçıları üçün etibarlı, şəffaf məlumat mühitinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Qeyd edək ki, təlimin əsas məqsədi yerli kredit reytinq agentliklərinin maliyyə bazarlarında şəffaflığın, etibarlılığın və səmərəliliyin təşviqində rolu, onların funksiyaları, kredit reytinqlərinin növləri, eləcə də reytinqlərin investisiya qərarlarının qəbuluna və tənzimləyici çərçivələrə təsiri barədə praktik məlumatların təqdim edilməsi olub. Təlimdə, həmçinin kredit reytinqləri ilə bağlı risklərin idarə edilməsi, bu sahədə korporativ idarəetmə və nəzarət standartları, eləcə də yerli nəzarət çərçivəsinin hazırlanması üzrə beynəlxalq təcrübə və tövsiyələr müzakirə edilib.
















