Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası iqlim dəyişikliyinə uyğunlaşmaq və infrastrukturu gücləndirmək üçün qabaqcıl texnologiyaların tətbiqinə yönəlmiş texniki yardım üzrə yeni regional layihəni təsdiqləyib.
Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturunun inkişafına doğru - MÜHÜM ADDIM
FED.az xəbər verir ki, "Dayanıqlı infrastruktur və uyğunlaşma strategiyaları üçün süni intellekt" təşəbbüsü banka üzv olan 42 ölkəni, o cümlədən Azərbaycanı əhatə edir.
Layihə sənədlərinə əsasən, proqram 800 min ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondunun vəsaitləri hesabına maliyyələşdirilir.
Təşəbbüsün əsas məqsədi iştirakçı ölkələrin dövlət qurumlarını iqlim və təbiət risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və yumşaldılması üçün süni intellektə əsaslanan müasir analitik alətlərlə təmin etməkdir. Layihə həmçinin əhalinin həssas təbəqələrinin təbii fəlakətlərin nəticələrindən qorunmasına kömək etmək və kritik əhəmiyyətli obyektlərin etibarlılığını artırmaq məqsədi daşıyır.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları investisiya yatırıb ki, bunun da 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Əsas maliyyələşmə istiqamətləri energetika (1,7 milyard dollar) və nəqliyyatdır (1,5 milyard dollar).
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər vəsait təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb. Bankın mənzil-qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni, o cümlədən Asiya-Sakit okean regionunun 50 dövlətini birləşdirir.












