“Dollar məsələsinə görə bu camaatın yadından koronavirus çıxıb, nədir? Heç kəs spirtlənmir, maska taxmır. Başqa yerdə isə hamı bir-birindən qaçır.
FED.az məlumat verir ki, burada dollara görədir, nədir, hamının koronavirus yadından çıxıb” - bu sözləri “Yeni Müsavat”a Bakıda banklardan birinin qarşısında dollar almaq üçün növbədə dayanmış orta yaşlı qadın deyib.
Eləcə də bax: “Əllərdə dollara dəyişdirilə bilinəcək bir neçə milyard var”
Metronun “Neftçilər” stansiyası həndəvərində əksər bankların filialları var. Həmin filiallara baş çəkib infeksiyanın önlənməsi üçün dezinfeksiya işlərinin görülüb-görülməməsinə aydınlıq gətirməyə çalışdıq. Bank filiallarında hazırda “iynə atsan, yerə düşməz”. Sıxlıq o qədərdir ki, hətta filialların qapısı önündə də müştərilər öz növbələrinin çatmasını gözləyirlər. “Kapitalbank”ın metronun “Neftçilər” stansiyası yaxınlığındakı filialından savayı digər bankların ərazidəki filiallarında, deyəsən, heç koronavirus təhlükəsi haqda eşitməyiblər. Olduğumuz bank filiallarının heç birində rəhbərliklə danışa bilmirik. Səbəb kimi iclasda olduqları göstərilir. Maraqlı burasıdır ki, dollar satışını dayandırmayan bank filiallarının işçiləri müştəri sıxlığına baxmayaraq, tibbi maska taxmır, dezinfeksiyaedici məhlullardan istifadə etmirlər.
“Kapitalbank”ın filialında dollar satışı dayandırılıb, amma girişdə xüsusi dezinfeksiyaedici məhlul qoyulub, işçilər də tibbi maskada xidmətlərini davam etdirirlər. Söhbətləşdiyimiz müştərilərdən hər biri koronavirus təhlükəsi haqda yaxşı bilgilidir, amma banklarda onlara dezinfeksiyaedici məhlul təklif olunmamasının səbəbi ilə də maraqlanmadıqlarını deyirlər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. “Pandemiya” yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkəni bürüməsinə deyilir. Azərbaycanda koronavirusla mübarizə Nazirlər Kabineti yanında operativ qərargah üzərindən həyata keçirilir. Məktəblər, universitetlər, uşaq baxçaları koronavirus təhlükəsinin önlənməsi üçün qapadılıb. Rəsmi rəqəmlərə görə Azərbaycanda hazırda 12 nəfər bu infeksiyaya yoluxmuş şəxs var.
Koronavirus infeksiyasına yoluxma təhlükəsi ümumilikdə dünyada qlobal iqtisadi çaxnaşma yaradıb. İş yerləri bağlanılıb, ölkələr infeksiyanın yayılması təhlükəsi qarşısında sərhədlərini qapadıb. Müvafiq olaraq iqtisadi əlaqələr də ölü nöqtəyə yuvarlanıb. Maşın-texnikaların hərəkətverici mexanizmləri üçün lazım olan yanacağa da tələbat rekord həddə qədər azalıb. Zəncirvari reaksiya neftin kəskin ucuzlaşmasında özünü büruzə verib. Neft satışından əldə olunan gəlirlə iqtisadi sabitliyini qoruyan ölkələrdə vəziyyət gərginləşmək üzrədir. Azərbaycanda iqtisadi təlatüm yoxdur, amma əhali banklara üz tutub dollar almağa çalışır. Koronavirus təhlükəsi isə heç kimin, nə bankların, nə də müştərilərin yadına düşür.
Azərbaycan Mərkəzi Bankında, digər banklarda rəhbər vəzifələrdə çalışmış hüquqşünas Əkrəm Həsənov deyib ki, yaranmış durumda əhalinin banklara üz tutması başa düşülən deyil: “Adam var, əlində 500 manatı var, qaçıb banka ki, tez həmin 500 manatı 300 dollara çevirsin. Adama deyirsən ki, axı 3 gün sonra sənə pul lazım olacaq, məcbur olacaqsan həmin dolları daha ucuz qiymətə satmağa. Eşidir, təsdiqləyir ki, belə də olacaq, amma yenə də gedib dollar alır. İqtisadiyyatın qanunu budur ki, nəsə qıt olanda hamı onu almağa çalışır. Düşünürlər ki, bahalaşacaq, qaçım alım. Mərkəzi Bank belə şəraitdə vəziyyətdən çıxmaq üçün hər gün dollar hərracı keçirməli, banklara dollar satışını artırmalıdır. Gündə 3 dəfə dollar hərracı keçirib banklara dollar satılmalıdır ki, tələbat ödənsin. Limitlə dollar satışı qanunsuzdur. Qanun tələb edir ki, banklar dolları limitsiz satsınlar. Bu gün banklarda olan ajiotaj məhz həmin o qanunsuzluğa görədir. Əhaliyə də tövsiyəm budur ki, 1 aylıq xərclərini dollara dəyişməsinlər. Neftin qiyməti qalxsa, devalvasiya olmayacaq. Son puluna dollar almaq lazım deyil”.
Əkrəm Həsənov banklarda müşahidə olunan müştəri sıxlığının koronavirus infeksiyası üçün əlverişli mühit yaratdığını da dedi: “İstənilən bankın internet saytına girin, orada bölmələr var ki... sosial məsuliyyət bölməsi, məsələn. Yəni bunlar ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər və qanunvericiliyin tələb etdiyindən əlavə tədbirlər də görürlər. Sosial məsuliyyətin tərkib hissəsi həm də belə hallarda əhalinin qeydinə qalmaqdır. Əgər həqiqətən də sosial məsuliyyəti dərk edirlərsə, indiki məqamda hamı ki gəlib dollar almağa, buna uyğun da işlərini qurmalıdırlar. Ola bilər ki, banka gələn müştərilərdən biri virusa yoluxub. Dezinfeksiya olsa, müvafiq havalandırma işləri görülsə, həmin virusun yayılma təhlükəsini önləmək olar. Baş verənlər onu göstərir ki, banklarımız əhalinin dostu deyil, sosial məsuliyyətlə bağlı bəyanladıqları prinsiplərə də sadiq deyillər”.
Əkrəm Həsənov deyir ki, banklar işçilərinin sağlamlığının da qeydinə qalmalıdır: “İşçilər səhər 9-dan axşam 6-ya qədər, bəzi banklarda 7-yə qədər iş başındadırlar. Onların tibbi maska ilə təminatı, müştərilərin dezinfeksiyaedici məhlullardan istifadə edərək bank binalarına daxil olması təmin olunmalıdır. Elementar gigiyena məsələlərinə diqqət artırılmalıdır. Bank filiallarına gün ərzində yüzlərlə, minlərlə müştəri gəlir. İşəgötürənlər işçilərin sağlamlıqları haqqında düşünməli, müvafiq tədbirlər görməlidirlər”.