ABŞ-nin maliyyə sistemində tarixi bir yenilik gözlənilir. ABŞ-ın qurulmasının 250 illiyi münasibətilə prezident Donald Tramp və maliyyə naziri Skott Bessentin imzaları dolların üzərində əks olunacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent açıqlama verib.
“Böyük ölkəmizin və prezident Donald Trampın tarixi nailiyyətlərini anmaq üçün onun adını daşıyan ABŞ dollarını buraxmaqdan daha təsirli bir yol yoxdur”, – Bessent deyib.
ABŞ qanunvericiliyinə görə, dolların üzərində Xəzinədarlıq Katibinin (Secretary of the Treasury) imzası mütləqdir.
Ümumiyyətlə, ABŞ dolları üzərindəki imzalar ənənəvi olaraq ölkənin maliyyə siyasətinə rəhbərlik edən iki şəxsə — Xəzinədarlıq Katibinə və ABŞ-nin Baş Xəzinədarına məxsus olur. Bu ənənə 19-cu əsrin ortalarından bəri mövcuddur. Bəzən imzaların səliqəsiz olması bu məsələdə problem yaradır. Məsələn, 2013-cü ildə Cek Lyu ABŞ-ın maliyyə naziri təyin olunarkən, onun "qırıq-quruq" və oxunmayan imzası prezident Barak Obama tərəfindən zarafatla tənqid edilmişdi və nazir imzasını daha oxunaqlı formaya salmağa məcbur olmuşdu.
İndi isə ABŞ maliyyə naziri Skott Bessent bildirir ki, Trampın imzasının ABŞ valyutasına həkk olunması nəinki uyğun, həm də buna layiqdir: «Trampın ölkənin iqtisadi dirçəlişinin qızıl dövrünün memarı kimi tarixə verdiyi töhfə nəzərə alınmalıdır»-nazir bildirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dolların üzərində imzanın dəyişməsi sadəcə texniki prosedur deyil, həm də iqtisadi dövrün simvoludur. Tramp administrasiyası dövründə çap ediləcək əskinaslar kolleksiyaçılar və investorlar tərəfindən "Tramp dövrünün pulları" kimi xarakterizə olunacaq. Hazırda ABŞ Federal Ehtiyatlar Sistemi (FED) və Xəzinədarlıq Departamenti yeni dizaynlı 20, 50 və 100 dollarlıqların istehsalı üzərində işləyir ki, bu da yaxın illərdə dövriyyəyə girəcək.











