Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 2 371 layihəyə ümumilikdə 126,4 milyon manat güzəştli kredit ayırıb.
Azərbaycan sahibkarları indiyə qədər 3 milyard manatdan çox güzəştli kredit alıb
Bu barədə FED.az Fonda istinadən xəbər verir.
Məlumata görə, bu kreditlər hesabına 1 800-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Bu ilin ilk 6 ayında güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin 94,1 %-i regionlarda fəaliyyət göstərir. Verilmiş ümumi güzəştli kredit məbləğinin 70 %-i həmin sahibkarların payına düşüb.
Bu dövr ərzində Fondun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib. Yanvar-iyun aylarında verilmiş ümumi güzəştli kredit məbləğinin 48,1 %-i sənaye (o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı), 44,3 %-i kənd təsərrüfatı, 5,3 %-i xidmət, 2,3 %-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkarların layihələrinə yönləndirilib.
Fondun güzəştli kreditlərindən yararlanmış sahibkarların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Bu ilin birinci yarısında verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8 %-i, kredit məbləği üzrə isə 90,4 %-i mikro, kiçik və orta sahibkarlara aiddir.
Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektləri arasında qadın və gənc sahibkarlara məxsus layihələr xüsusi yer tutur. Həmin dövr ərzində qadın sahibkarların 226 layihəsi 8,4 milyon manat güzəştli kreditlə təmin edilib. Gənc sahibkarların 63 layihəsinə isə 3,7 milyon manat güzəştli kredit verilib.