Bank-maliyyə sektoru üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin nəzərdə tutulmuş vaxtlarda və tam həcmdə icra edilməməsi bəzi problemlərin daha uzun müddətdə qalmasına səbəb olacaq.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
“Hesab edirik ki, bütün sahələrdə xüsusi ilə Bank-maliyyə sektoru üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin tam həcmdə və vaxtında yerinə yetirilməsi çox mühüm əhəmiyyət daşıyır. Müxtəlif səbəblərdən bu tədbirlərin nəzərdə tutulmuş vaxtlarda və tam həcmdə icra edilməməsi bəzi problemlərin daha uzun müddətdə qalmasını şərtləndirəcəkdir. Prezident İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi” ilə bağlı bir sıra tədbirlər haqqında fərmanın tətbiqi ilə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaq mümkün olacaq. Bu məqsədlə yaradılmış “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin qarşıdakı illərdə sahibkarların banklardan aldıqları kreditlərə təminat verməklə yanaşı, kreditlərə hesablanan faizlərin də bir hissəsinə subsidiya verilməsini təmin edəcək. Qəbul edilmiş bütün bu fundamental qərarlar və onların vaxtında və tam həcmdə icrası qarşıdakı dövrdə həm maliyyə-bank sisteminin, həm də sahibkarlığın inkişafına mühüm təkan verəcək. 2 may 2017-ci il tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun qəbul edilməsi həm sahibkarlara, həm də banklara qarşıdakı illərdə yeni girov və kreditləşmə mexanizmlərini işə salmağa imkan verəcək”, - deyə ABA sədri əlavə edib.
ABA rəhbəri: Yol Xəritəsindəki tədbirlərin gecikməsi problemləri artıra bilər
10:38
23 Noy 2017