"Bu ilin aprelin sonunadək Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait sərf olunub".
FED.az xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ümumi layihə dəyəri 22,7 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 17,7 mlrd. dollar xərclənib: “Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,2 milyard dollar təşkil edib, layihənin ümumi dəyərinin isə 4,5 milyard dollar təşkil edib”, - deyə Ə.İsayev vurğulayıb.
Ə. İsayev bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 8 milyard dollar təşkil edir. Bu il iyunun 12-də Əskişəhərdə boru kəmərinin istismara verilməsi ilə bağlı mərasim keçiriləcək".
Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 2,9 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. avro olduğunu qeyd edib.