Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Prezident minimum aylıq əməkhaqqını artırıb - MƏBLƏĞ
FED.az xəbər verir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Minimum əmək haqqının dəyişməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların ödədiyi sosial sığorta haqlarının məbləğini də dəyişib.
Qeyd edək ki, «Sosial sığorta haqqında» qanuna əsasən 2019-cu ildən sahibkarlıqla məşğul olanlar üçün sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır
sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; (2020-ci il yanvarın 1-dən qüvvəyə minir)
- xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;
- mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
Nəticədə minimum əmək haqqının 130 manatdan, 180 manata qaldırılması bu şəxslərə də aid olacaq.
Notariuslar və torpaq sahələri üçün dəyişikliklərin izahı asandır. İndiyədək MƏH-in 25% kim 32,5 manat sosial sığorta haqqı ödəyən notariuslar martın 1-dən etibarən 45 manat ödəniş edəcəklər.
Torpaq sahəsinə malik olan fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün indiyədək 7,8 manat sosial sığorta haqqı ödənilirdisə, indi bu rəqəm 10,8 manata çatıb.
Tikinti və digər sahələrdə sahibkarlıqla məşğul olanlarda isə sosial sığorta haqqının dəyişməsi bir qədər fərqlidir. Qanuna edilən dəyişikliklərə əsasən bu yeniliklər, yəni faiz dərəcələrini dəyişməsi 2020-ci ildən qüvvəyə minəcək. Ona qədər, yəni ilin sonuna kimi isə tikinti və ticarətlə məşğul olan sahibkarlar MƏH-in 50%-i, digər sahibkarlar isə 20%-i qədər sosial sığorta haqqı ödəməlidir.
Nəticədə, 2019-cu ilin yanvarın 1-dən etibarən tikniti və ticarətlə məşğul olanlar 65 manat (MƏH-in 50%-i), digər sahələrlə məşğul olanlar isə 26 manat (MƏH-in 20%-i) həcmində sosial sığorta haqqı ödəyirdi.
Martın 1-dən etibarən isə tikinti və ticarətdə çalışanlar üçün bu məbləğ 90 manata, digər sahibkarlar üçün isə 36 manata qalxacaq.
2020-ci ilin əvvəlindən isə tikinti ilə məşğul olanlar yenə 90 manat, digər sahibkarlar (VÖİN-i olanlar) artıq MƏH-in 25%-i olaraq 45 manat sosial sığorta haqqı ödəyəcəklər.
26 manat idi, martdan 36 manat ödəniləcək - VÖEN-İ OLANLAR ÜÇÜN ARTIM
19:21
8 Fev 2019