Azərbaycan hökuməti 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üçün sosial-iqtisadi inkişafı üzrə tədbirlərin icrasına 249,1 milyon manat yönəltməyi planlaşdırır.
Naxçıvana dotasiya - 24% AZALDILIR
FED.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, 2024-cü il dövlət büdcəsi layihəsində bu proqramın icrasına 249,1 milyon manatın ayrılması nəzərdə tutulur.
İyunun 5-də Azərbaycan prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən olunub: əlverişli biznes mühitinin yaradılması; ticarətin inkişafı; ixracyönlü sənayenin inkişafı; kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı; turizmin inkişafı; elektrik enerjisi istehsalının və ixracının artırılması; infrastruktur təminatının inkişafı; sosial sektorun inkişafı; insan kapitalının inkişafı; institusional inkişaf; ətraf mühitin mühafizəsinin gücləndirilməsi.
Bu prioritetlərin həyata keçirilməsi 5 əsas hədəfə nail olmağa imkan verəcək: dayanıqlı inkişafın təmin olunması; məşğulluq imkanlarının artırılması; əhalinin həyat səviyyəsinin yüksəldilməsi; təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təmin olunması.
Dövlət Proqramının iki mərhələdə - 2023–2024-cü illərdə və 2025–2027-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.