Azərbaycan hökuməti 2024-cü ildə 230 investisiya layihəsinin reallaşdırılmasına 2 milyard 239,5 milyon manat ayıracaq.
FED.az xəbər verir ki, bu layihələrin ümumi dəyəri 23 milyard 594,1 milyon manat həcmində qiymətləndirilir.
2024-cü ildə 201 layihənin reallaşdırılmasının davam etməsinə 2 milyard 84,1 milyon manat, daha 155,4 milyon manat – 29 yeni layihəyə ayrılacaq.
“2024-cü ildə 1 milyard 854 milyon manat dəyərində 110 layihənin tamamlanması planlaşdırılır. Onların sona çatması üçün 2024-cü ildə 484,8 milyon manat ayrılacaq”, - bu barədə Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilir.
Bütövlükdə, 2024-cü ildə 109 infrastruktur layihənin reallaşdırılmasına 1 milyard 783,5 milyon manat, 98 sosial layiyə - 348,1 milyon manat, müdafiə və hüquq-mühafizə orqanları sahəsində 15 layihəyə - 38,5 milyon manat ayırmaq planlaşdırılır, qalanı digər layihələrin payına düşür.
Bundan başqa, 2024-cü ildə layihələrin icrasına 243,4 milyon manat ümumi məbləğdə xarici kreditlər cəlb etmək planlaşdırılır. (İnterfaks-Azərbaycan)