2023-cü il üzrə dövlət və icmal büdcələrin proqnozları açıqlanıb.
İcmal büdcə
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2023-ci ildə icmal büdcənin gəlirləri 32 milyard 939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3 milyard 721,5 milyon manat və ya10,2 faiz azalma deməkdir.
İcmal büdcə xərcləri isə növbəti ildə 37 milyard 883 milyon manat proqnozlaşdırılmışdır ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir. İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2 milyard342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-ci il üzrə icmal büdcədə 4943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır. Növbəti ildən başlayaraq, icmal büdcənin tərkibinə İcbari Tibbi Sığorta Fondunun gəlirləri və xərcləri daxil edilir.
Dövlət büdcəsi
2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4 milyard 324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5 milyard 877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur.
2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7 milyon manat və ya 17,0 faiz az olmaqla 2 milyard 579,3 milyon manat (ÜDM-də xüsusi çəkisi 2022-ci illə müqayisədə 0,3 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri
2023-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməklə 2023-cü il dövlət büdcəsinin gəlirləri ÜDMnin 29 faizi həcmində yəni 30 milyard 720,7 milyon manat nəzərdə tutulur ki, bunun da 53,0 faizi və ya 16 milyard 297,0 milyon manatı neft sektorunun, 47,0 faizi və ya 14 milyard 423,7 milyon manatı qeyrineft sektorunun payına düşür.
2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların ÜDM-yə nisbəti 12,7 faiz olmaqla dövlət büdcəsi gəlirlərinin 43,6 faizini və ya 13 milyard 402,0 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 662,0 milyon manat və ya 14,2 faiz, 2021- ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 872,8 milyon manat və ya 57,1 faiz çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 280 milyon manatı və ya 36,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 4 milyard 750 milyon manatı və ya 15,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 750 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 538,7 milyon manatı və ya 1,8 faizi isə sair gəlirlərin payına düşür.
2023-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 759,5 milyon manat və ya 4,9 faiz çoxdur ki, bununda 69,2 faizini və ya 11 milyard 280,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 30,8 faizini və ya 5 milyard 17 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.
Növbəti ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 33,0 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 5,2 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 3,7 faizini sair gəlirlər təşkil edəcəkdir
2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 62,6 faizi və ya 8 milyard 385 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5 milyard 17 milyon manatı neft sektorunun payına düşür.
2023-cü il üzrə təqdim edilən makroiqtisadi göstəricilərə əsasən idxalın həcmi 21,2 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən idxalından 4,7 faiz, 2021-ci ilin faktından 6,4 faiz çoxdur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-nin 4,5 faizi həcmində olmaqla 4 milyard 750 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 145 milyon manat və ya 3,1 faiz, 2021-ci ilin faktı ilə müqayisədə 407 milyon manat və ya 9,4 faiz, çoxdur.
Dövlət büdcəsinin xərcləri
2023-ci il üçün 33 milyard 300 milyon manat (ÜDM-nin 31,5 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22 milyard 635,7 milyon manatı və ya 68,0 faizi cari xərclərə, 9 milyard 659,3 milyon manatı və ya 29,0 faizi əsaslı xərclərə, 1 milyard 5 milyon manatı və ya 3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.
2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 2023-cü ildə ümumi dövlət xidmətləri üzrə xərclərə 13,2 faiz və ya 575,6 milyon manat, iqtisadi fəaliyyət xərclərinə 2,6 faiz və ya 183,1 milyon manat az, mənzil və kommunal təsərrüfatı xərclərinə 30,2 faiz və ya 82,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 10,6 faiz və ya 262,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 17,2 faiz və ya 79,6 milyon manat, səhiyyə xərclərinə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılmışdır.
Həmçinin, növbəti ildə Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) və nəticəəsaslı büdcə mexanizminin tətbiq olunduğu büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin göstəriciləri aşağıdakı kimi proqnozlaşdırılmışdır: Dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 517,2 milyon manat və ya 13,3 faiz daha çox olmaqla 4 milyard 403,8 milyon manat məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılmışdır. Kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 204,8 milyon manat və ya 20,5 faiz çox olmaqla 1202,1 milyon manat proqnozlaşdırılır. Ətraf mühitin mühafizəsi bölməsi üzrə isə 37 tədbiri əhatə edən 6 proqramın həyata keçirilməsi üçün 2022-ci ilin dürüstləşdirilmiş proqnozuna nəzərən 71,1 milyon manat və ya 24,3 faiz çox olmaqla 363,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz və ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcəkdir.
Dövlət büdcəsinin kəsiri
2023-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 579,3 milyon manat proqnozlaşdırılır ki, bunun da 1 milyard 405,3 milyon manatının (54,5 faiz) borclanma, 1 milyard 74,0 milyon manatının (41,6 faiz) vahid xəzinə hesabının qalığı, 100 milyon manatının (3,9 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının maliyyələşdirilməsi. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Strategiya çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlərin həyata keçirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 5,2 milyard manat nəzərdə tutulmuşdur.
Büdcə proqnozlarının büdcə qaydasına uyğunluğu. Büdcə qaydasının hədəflərinə dair bölmədə qeyd olunduğu kimi icmal büdcənin qeyri-neft baza kəsirinin qeyrineft ÜDM-yə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2023-cü ilin sonuna 25,0 faiz, dövlət borcunun ÜDM-yə nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddinin isə 20,0 faiz səviyyəsində müəyyən edilməsi təklif olunur.
2023-cü ilin büdcə proqnozları məhz həmin hədəf göstəricilərinin yuxarı hədləri çərçivəsində tərtib edilmişdir. (Marja)