Azərbaycanın 2023-cü il dövlət büdcəsində “iqtisadi fəaliyyət” maddəsi üzrə 1 milyard 240,8 milyon manat ($729,8 milyon) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da bütün büdcə xərclərinin 3,7%-ni təşkil edir.
Prezident 2023-cü il dövlət büdcəsi haqqında Qanunu - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, ölkənin turizm infrastrukturunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsinə, bölgələrdə turizm fəaliyyətinin stimullaşdırılmasına 56 milyon manat yönəldiləcək.
Bundan əlavə, dövlət orqanları üçün lisenziyalı proqram təminatının alınmasına, “Hökumət buludu”nun (G-cloud) yaradılmasına və bu sistemə qoşulmuş idarələr üçün müvafiq xidmətlərlə bağlı xərclərin ödənilməsinə 24 milyon manat ayrılacaq.
Ələt Azad İqtisadi Zonasında Biznes Xidmətləri Mərkəzinin (“One-Stop Shop” Business Centre) maliyyələşdirilməsi üçün 10,3 milyon manat, qeyri-neft ixracının stimullaşdırılması üçün 13,4 milyon manat, Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 6 milyon manat, yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması üçün 52,5 milyon manat, iqtisadi dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 100 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. (İnterfaks-Azərbaycan)