Azərbaycan hökuməti 2023-cü ildə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsinə 180 milyon manat (cari məzənnə ilə $105,6 milyon) vəsait ayırmağı planlaşdırır.
Eləcə də bax: Azərbaycanda xaricdən taxıl asılılığının azaldılması üçün proqram - HAZIRLANACAQ
FED.az-a Maliyyə Nazirliyindən məlumat verilib ki, bu vəsait respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılmasına yönəldiləcək.
Bundan əlavə, 2023-cü ildən etibarən pilot layihə qismində Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyasının tətbiqi planlaşdırılır.
Həmçinin, ərzaqlıq buğda əkilən sahələrdə qurulacaq suvarma sistemləri dəsti və avadanlıqlarına güzəştin tətbiqi və son zamanlar dünya birjalarında mineral gübrə qiymətlərindəki artımın fermerlərin istehsal xərclərinə təsirinin yumşaldılması məqsədilə bitkiçilik sahəsində verilən subsidiyaların məbləğinin artırılması nəzərdə tutulur.
Öncə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanda buğda ilə təminetmə əmsalı 62% təşkil edir, qarşıya bu göstəricini 80%-ə çatdırmaq vəzifəsi qoyulub. “Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80% səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”, - Əliyev bildirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $262 milyon 66,4 min məbləğində 744 min 200,35 ton buğda (artım 7,9%) idxal olunub. (İntefaks-Azərbaycan)