Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır.
Eləcə də bax: Dövlət büdcəsində neftin qiyməti 85 dollara qaldırılır - BÜDCƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Beləliklə, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə (26 816 milyon manat) nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur. 2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artırılır. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək.
Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsi xərclərinin 32303,8 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə (29 879 milyon manat) nisbətən 2424,8 milyon manat və ya 8,1 faiz, 2021-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4881,4 milyon manat və ya 17,8 faiz çoxdur.
2022-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,7 faizi həcmində və ya 20246,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 195,6 milyon manat və ya 1,0 faiz, 2021-ci ilin icra göstəricisinə nisbətən 3658,1 milyon manat və ya 22,1 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 31,8 faizi həcmində və ya 10265,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 2229,2 milyon manat və ya 27,7 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,5 faizi həcmində və ya 1792,0 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz- bənd artacaq, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.
Büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1291,1 milyon manat), həmçinin ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. (Apa)