Qorunan əmanətlərin aşağı faiz dərəcəsi hazırda 15%-dir. FED.az xəbər verir ki, Mərkəzi Bankın uçot dərəcəsini 13%-ə salması əmanətlərin qorunması üzrə faizlərə yenidən baxmaq reallığı yaradıb. Bu faizlərin düşməsi isə banklardakı əmanətlərin azalmasına səbəb ola bilər.
Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, banklarda depozit və əmanətlər üzrə faiz dərəcələri müxtəlifdir və bu, tələb-təklifdən çox asılıdır. Manatla olan əmanətlər üzrə 3 faiz təklif edilməsi isə o deməkdir ki, bankda likvidlik yüksəkdir və sadəcə olaraq əmanət götürməkdə maraqlı deyil. Təbii ki, kreditlərə olan tələbat yüksəlməlidir ki, bankar da əlavə depozit cəlb etməkdə maraqlı olsun.
"Maliyyə Sabitliyi Şurası"nın məqsədi bank aktivliyinin, kreditləşmənin yüksəlməsinə nail olmaqdır. Bank sektorundan kənarda olan bir sıra problemlər var və biz bu problemlərə fokuslanmışıq", deyən ölkənin baş bankiri qorunan əmanətlərə gəldikdə hesab edir ki, bu, uçot dərəcəsi ilə sinxronlaşdırılıbdır. Yəni, uçot dərəcəsi ilə qorunan əmanətlərin faizi eynidir. Başqa sözlə uçot dərəcəsi 15%-dən 13%-ə endirildiyi üçün qorunan əmanətlər üzrə faiz dərəcəsi də 2 faiz aşağı salına bilər. Bunun üçün söz sahibi isə Əmanətlərin Qorunması Fondudur.
13%-dən yuxarı əmanətlər qorunmaya bilər
18:08
12 Fev 2018