Bir neçə həftədir ki, Bakıda satış şəbəkələrində ofis və məktəb ləvazimatlarının qiymətində bahalaşma müşahidə edilir. FED.az xəbər verir ki, qiymət artımı müxtəlif məhsullar üzrə 5 qəpikdən tutmuş 1 manatadək və daha artıq həcmdə, faiz ifadəsində isə 8%-35% arasında dəyişir. Belə ki, indiyədək 0.15 manat olan A4 konverti indi 0.20 manata yüksəlib. Kiçik kalkulyator 6,70 manatdan 7,00 manata qədər bahalaşıb. Başqa sözlə, rəqəmlər bütün məhsullarda yüksələn şkala üzrə dəyişir. Maraqlıdır ki, bahalaşma təkcə xaricdən gətirilən deyil, ölkədə istehsal olunan məhsulların qiymətində də müşahidə edilir. Qiymət artımlarının müşahidə olunduğu satış şəbəkələrindən biri «Oyal» şirkətinin mağazalarıdır. Şirkətin «Ofisait» mağazalar şəbəkəsində qiymət artımının olduğunu təsdiqləyiblər. «Qiymət artımı xammala görədir. Bütün dünyada bahalaşma gedir. Bizə də xammal Rusiyadan baha qiymətə gətirilir. Özümüz istehsal etsək də materialı baha aldığımıza görə, qiymət də artır». «Oyal»ın sahibi olan «İnci» şirkətinin satış müdiri Baxşı Musayev də qiymət artımını olduğunu etiraf edib. O, FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, bahalaşmanın əsas səbəbləri istehsal üçün xammalın və daşıma xərcinin yüksəlməsidir. «Xammalın qiyməti yerində bahadır. Hələ biz onun qiymətini çox qaldırmamışıq. Qiymət artımı bizə də sərf eləmir, sadəcə məcburiyyətdən biz də qiymətləri artırmışıq. Əvvəllər daşınmaya 5 min manat pul verirdiksə, indi 11 min manat pul ödəyirik. Bu hələ təkcə xammalın ölkəyə gətirilməsidir, istehsalı, çatdırılması və sair xərclər də var». «Ofisait»da qiymət dəyişikliyi: A4 konvert - 0.15 (əvvəl) - 0.20 (hazırda) A4 kağız (500-lük) - 4.50 (əvvəl) - 5.00 (hazırda) A4 kağız (600-lük) - 5.50 (əvvəl) - 6.00 (hazırda) Qovluq - 2.60 (əvvəl) - 2.80 (hazırda) Kalkulyator (balaca) - 6.70 manat (əvvəl) - 7.00 manat (hazırda) Qlobus (balaca) - 1.40 (əvvəl) - 1.70 (hazırda) Qlobus (orta) - 5.40 (əvvəl) - 5.90 (hazırda) Fayl (100-lük - nazik) - 2.50 (əvvəl) - 3.00 (hazırda) |
OYAL-ın məktəb ləvazimatlarının - QİYMƏTLƏRİ BAHALAŞDI - SƏBƏBLƏR
17:29
22 Noy 2021